AFchamber Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəylinin iştirakı ilə “Sənayə sektoru ilə Ali təhsil arasında boşluqların aradan qaldırılması” mövzusunda tədbir keçirdi

19 aprel 2022-ci il tarixində Azərbaycan- Fransa Ticarət və Sənaye Palatası Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəylinin iştirakı ilə “Sənayə sektoru ilə Ali təhsil arasında boşluqların aradan qaldırılması” mövzusunda dəyirmi-masa formatında tədbiri həyata keçirdi. Tədbir Fariz İsmayılzadənin sədrlik etdiyi “Təhsil Komitəsi” və Samirə Nəcəfovanın sədri olduğu “İnsan Resursları və Əməyin Tənzimlənməsi Komitəsinin birgə təşəbbüsü ilə həyata keçirildi.
Tədbirin əsas məqsədi sənaye sektoru peşəkarlarının hazırlanmasında və işə götürülmə prosesində, ali təhsil müəssisələrinin və sənayə şirkətlərinin üzləşdikləri başlıca çətinliklərin və gözləntilərin müəyyən edilməsi, həmçinin əmək bazarının ehtiyaclarının ödənilməsiylə yeni məzunların işə cəlb olunması yolunda görülə biləcək işlərin müzakirəsi olmuşdur.
Tədbir Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun və Palatanın İdarəedici Direktoru Zibar Hüseynovanın açılış nitqi ilə başlayıb. Fariz İsmayılzadənin moderatorluğunu etdiyi konfrans Mustafa Abbasbəylinin məruzəsi ilə davam edib.
Mustafa Abbasbeyli iştirakçıları əmək bazarındakı ən son tendensiyalar, işçi qüvvəsinin hərəkəti, kadrların peşə hazırlığı və kvalifikasiyaları haqqında rəsmi statistik məlumatlarla tanış etdi, habelə təhsil sahəsi və əmək bazarı arasındakı boşluğun aradan qaldırılması yolunda dövlətin, həmçinin Agentliyin zəruri rolunu qeyd etdi. Bu sahədə Agentliyin rəqəmsallaşma islahatlarının vacibliyini vurğulayan Mustafa Abbasbəyli məşğulluğun artırılması istiqamətində həyata keçirdikləri “CV yarat” , “Gənclərin Biznes Emalatxanası” kimi yeni layihələr haqqında məlumat verdi.
AFchamber Təhsil Komitəsinin sədr müavinləri Lətifə Nəsibova, Elvin Qasımov və İnsan Resursları Komitəsinin sədri Samirə Nəcəfova sözügedən mövzuda həm yerli və beynəlxaq sənayə şirkətlərinin İR mütəxəssisləri ilə, həm də ölkənin nüfuzlu universitetlərinin yüksək nümayəndəlikləri ilə görüşlərdə əldə olunan məlumatlar və sorğular əsasında hazırlanmış məruzə ilə çıxış ediblər.
Tədbirdə sənayə sektoru üzrə yerli və beynəlxalq şirkətlərinin direktorları və İnsan Resursları üzrə peşəkarları, habelə ölkənin bu sahədəki əsas ali təhsil müəssisələri olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azərbaycan Texniki Universiteti (AzTU), Bakı Mühəndislik Universiteti, ADA Universiteti, UFAZ, Xəzər Universiteti və digərlərinin rektor və prorektorları iştirak ediblər.
Tədbir sual-cavab və dəyirmi-masa müzakirəsi ilə başa çatıb. Azərbaycan-Fransa Ticarət Palatası bu mövzuda silsilə tədbirlər həyata keçirməyi planlaşdırdığını bildirib.