AFchamber “Məişət Zorakılığı və Təhlükəsiz İş Yeri” mövzusunda tədbir keçirib

30 noyabr 2021-ci il tarixində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası “Məişət zorakılığı və təhlükəsiz iş yeri” mövzusunda panel müzakirə formatında konfrans keçirib. Tədbir 25 noyabr Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günündə start götürən beynəlxalq Gender-Əsaslı Zorakılığa Qarşı 16 Günlük fəallıq kampaniyası çərçivəsində baş tutub.
Tədbirin məqsədi təhlükəsiz və sağlam iş yeri mədəniyyətini formalaşdırmaqla məişət zorakılığının qurbanı olmuş qadın işçilərin dəstəklənməsinin vacibliyini vurğulamaq həmçinin bu məsələ ilə bağlı maarifləndirmə və fərqindəliyin artırılması işininin aparılmasının əhəmiyyətini biznes icmasının diqqətinə çatdırmaq olub.
Fransanın ölkədəki səfiri Zakari Qross konfransa fəxri qonaq qismində qatılıb. AFchamber-in İdarə Heyətinin sədri Teybə Quliyevanın moderatorluğu ilə keçirilən konfransda qonaq məruzəçi qismində “Azercell Telecom”un CEO-su Zarina Zeynalova, BMT-nin Əlaqələndirmə üzrə Müşaviri Şəmsiyyə Mustafayeva, “PwC ”-ın İdarəedici Partnyoru Mövlan Paşayev və psixoloq Gülnarə Əkbərova iştirak ediblər.
Tədbir Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun salamlama nitqi ilə başlayıb daha sonra isə Palatanın İcraedici direktoru Zibər Hüseynova və Qadın Professionallar Komitəsinin sədri Sona Abbasovanın açılış nitqi ilə davam edib.
Zarina Zeynalova özünün uzunillik peşəkar təcrübəsini bölüşərək təhlükəsiz iş yerinin yaradılması istiqamətində fəaliyyətə başlamaq üçün əsas amil kimi maarifləndirmənin vacibliyini qeyd edib. Şəmsiyyə Mustafayeva BMT eksperti kimi məişət zorakılığının biznes mühitindəki inkişafa və məhsuldarlığa göstərdiyi mənfi təsirlər barədə ətraflı məlumat verib. Beləki, UNFPA-nın 2020-ci il hesabatına əsasən, 2017-ci ildə Azərbaycanda qadınlara qarşı zorakılığın ümumi iqtisadi dəyəri 764 milyon ABŞ dolları (ölkə ÜDM-nin 1,8%-i), global səviyyədə isə dünya ümumi daxili məhsulunun təxminən 2%-ini təşkil edir, bu isə 1,5 trilyon ABŞ dollarına bərabərdir. Psixoloq Gülnarə Əkbərova gender əsaslı zorakılığın (GBV) növləri və formaları barədə danışıb, məişət zorakılığı qurbanlarının gündəlik həyatında üzləşdiyi psixoloji sıxıntılar və bunun əmək məhsuldarlığına mənfi təsirləri barədə söhbət açıb.
Sonda keçirilən sual-cavab sessiyası zamanı iştirakçıları maraqlandıran suallar qonaq-məruzəçilər tərəfindən cavablandırılıb.