AFchamber Paşa Bankın tərədaşlığı ilə konfrans həyata keçirdi

22 iyun 2021-ci il tarixində AFchamber və “PAŞA Bank” birgə təşəbbüsü ilə “Kiçik və orta bizneslər üçün maliyyəyə çıxış” mövzusunda konfrans keçirilib. AFchamber-in İdarəedici Direktoru Zibər Hüseynovanın moderatorluğu ilə keçirilən konfransda “PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, AZPROMO-nun prezidenti vəzifələrini icra edən Yusif Abdullayev, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Kənan Nəcəfov, AYİB-in nümayəndəsi Asif Mahmudov qonaq-məruzəçi qismində iştirak edib. Fransanın ölkədəki səfiri Zacharie Gross konfransa fəxri qonaq qismində qatılıb. Konfransda KOB-ların biznes fəaliyyətlərində üzləşdiyi çətinliklərin, onların maliyyə çıxışını asanlaşdırmaq üçün təqdim edilən yeni maliyyələşmə növlərinin və müxtəlif şirkətlərin bu sahə üzrə irəli sürdüyü layihələrin müzakirəsi yer alıb.
Tədbir AFchamber-ın İdarə Heyətinin sədri Teybə Quliyeva və “PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımovun açılış nitqi ilə başlayıb.
AFchamber-ın İdarə Heyətinin sədri Teybə Quliyeva salamlama nitqində KOB-ların maliyyə resurslarına çıxışını məhdudlaşdıran əngəllərin aradan qaldırılması üçün dövlət-özəl sektor tərəfdaşlığının vacibliyini vurğulayıb və bu kimi tədbirlərin ikitərəfli dialoqun dərinləşməsində mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
Taleh Kazımov KOB seqmentindən və onların iqtisadiyyatdakı əhəmiyyətli rolundan danışıb. O, həm geridə qalan üç illik strateji dövrdə, həm də 2021-2023-cü illər üçün nəzərdə tutulan İnkişaf Strategiyasında Bankın əsas diqqətinin KOB-ların maliyyələşməsinin təmin edilməsinə yönəldildiyini vurğulayıb.
Paneldə çıxış edən dövlət qurumları, özəl sektor və beynəlxalq təşkilatın nümayəndələri mövzuya dair institutların həyata keçirdiyi tədbirlər və gələcək layihələr barədə danışıb.
Sonda keçirilən sual-cavab sessiyası zamanı iştirakçıları maraqlandıran suallar qonaq-məruzəçilər tərəfindən cavablandırılıb.