AFchamber təhsil komitəsi ikinci “Challenge Executive” tədbirini həyata keçirdi!
30 Noyabr 2022-ci il tarixində Azərbaycan – Fransa Ticarət və Sənaye Palatasının Təhsil Komitəsi TotalEnergies-in İdarəedici Direktoru və Ölkə üzrə Sədri Regis Aqutun iştirakı ilə tələbələr üçün ikinci “Challenge Executive” tədbirini həyata keçirdi.
Bu layihə AFchamber, Fransız-Azərbaycan Universiteti və ADA Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Tədbir Azərbaycan-Fransız Universitetinin (UFAZ) Tədris şöbəsinin müdiri, AFchamber Təhsil Komitəsinin sədr müavini Lətifə Nəsibovanın salamlama nitqi ilə başlayıb və bu maarifləndirici tədbirlərin tələbələr üçün əhəmiyyəti barədə qısa məlumat verib.
Tədbir Regis Aqut və tələbələr arasında canlı müzakirə və sual-cavab sessiyası ilə davam edib. Regis Agut müxtəlif universitetlərdən olan tələbələrə öz peşəkar karyera yolundan danışıb, onların karyera imkanları və peşəkar gələcək yollarını müəyyənləşdirmək üçün labüd olan suallarını cavablandırıb.
Sessiyanın sonunda ən yaxşı sualı verən tələbəyə UFAZ tərəfindən hədiyyə təqdim olunub.