AFchamber Təhsil Komitəsinin təqdimatı keçirildi
20 may 2021-ci il tarixində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (AFchamber) Təhsil Komitəsinin onlayn görüşü keçirildi. Palatanın tərkibində yeni yaradılmış Təhsil Komitəsinin missiyası və fəaliyyət planı Komitənin sədri Fariz İsmayılzadə, sədr müavinləri Lətifə Nəsibova və Elvin Qasımov tərəfindən təqdim edildi. Təhsil Komitəsinin məqsədi özəl sektor ilə təhsil müəssisələri arasında dialoq üçün platforma yaratmaqdır. Görüşdə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru İdris Musayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Dövlət Gömrük Komitəsi Akademiyasının rektoru Qulu Novruzov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov, Xəzər Universitetinin rektoru İradə Xəlilova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Rafiq Camalov, Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru Nurəli Yusifbəyli, Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov, eləcə də Palatanın üzv şirkətləri və müxtəlif təhsil qurumlarının nümayəndələri iştirak etdi.
Açılış nitqi ilə çıxış edən Palatanın İdarəedici direktoru Zibər Hüseynova AFchamber-in dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində gördüyü işlərdən, təhsil sahəsi üzrə əldə etdiyi nailiyyətlərdən danışdı. O, AFchamber-in tərkibində yaradılan Təhsil Komitəsinin bu sahədə dövlət və özəl sektor arasında tərəfdaşlığın gücləndirilməsinə töhfə verəcəyini bildirdi.
Palatanın İdarə Heyətinin sədri Teybə Quliyeva əmək bazarının tələbatlarına uyğun kadrların hazırlanması üçün biznes ilə təhsil müəssisələri arasında dialoqun qurulmasının vacibliyini vurğulayaraq Təhsil Komitəsinin bu istiqamətdə dəstək olacağını qeyd etdi.
Təqdimatdan sonra iştirakçılarla birgə Komitəninin gələcək fəaliyyəti, birgə tədbirlərə dair təkliflərin müzakirəsi aparıldı.
Sonda tədbirdə aktiv şəkildə iştirak edən, öz fikir və təkliflərini bölüşən bütün qonaqlarımıza təşəkkür edirik.