AFchamberin həm-təşkilatçılığı ilə Aİ Biznes Missiyası Ələt Azad İqtisadi Zonasına səfər edib

2 Dekabr tarixində Aİ-Azərbaycan Biznes Forumu (2020-22) çərçivəsində AFchamberin həm-təşkilatçılığı ilə Ələt Azad İqtisadi Zonasına xüsusi Aİ Biznes Missiyası təşkil edilmişdir. Aİ Biznes Missiyası aparıcı Avropa şirkət və ticarət palataları nümayəndələrindən, o cümlədən diplomatik nümayəndəliklərin təmsilçilərindən ibarət olub.
Biznes səfəri zamanı qurumun İdarə Heyətinin sədri Valeh Ələsgərov iqtisadi zonanın potensialı, investorlara yaradılacaq geniş imkanlar və imtiyazlar barəsində detallı təqdimat edib. Həmçinin İqtisadi Zona ilə daxili tanışlıq turu həyata keçirilərək şirkətləri və diplomatları maraqlandıran suallara ətraflı məlumat verildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 may 2020-ci il tarixli “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” fərmanı ilə Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu yaradılmışdır. AİZ Ələt limanının yanında, ölkənin qeyri-neft sektoruna yatırılan yerli və xarici investisiyaların həcmini artırmaq üçün yaradılır. “Ələt azad iqtisadi zonası haqqında”qanuna əsasən, AİZ 2022-ci ilin iyul ayından fəaliyyət göstərəcək.
Aİ Biznes Missiyası “Aİ-Azərbaycan Biznes Forum” layihəsi çərçivəsində həyata keçirilir. Bu layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və əsas məqsədi biznes mühitini yaxşılaşdırmaq və ölkənin iqtisadi şaxələndirilməsinə dəstək verməklə Azərbaycanda qeyri-neft sektorunu gücləndirməkdir.
Layihə COWI Belçika tərəfindən İtaliya-Azərbaycan Ticarət Palatası (ITAZERCOM), Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFCHAMBER) və İnvestBaku şirkəti ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir.