Aİ- Azərbaycan Biznes Forumu 2022 baş tutdu

17 May 2022-ci il tarixində Fairmont Bakı otelində Aİ- Azərbaycan Biznes Forumu 2022 keçirilib.
Forum Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi tərəfindən COWI Beynəlxalq Konsaltinq Qrupu, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, İtaliya-Azərbaycan Ticarət Palatası, İnvestBaku və AZPROMO-nun birgə təşkilatçılığı ilə hibrid formatda təşkil edildi.
Hər il keçirilən tədbirdə rəsmi şəxslər, Aİ səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, eləcə də yerli və Avropa İttifaqına üzv ölkələrinin iş adamları daxil olmaqla 500-dən çox şəxs iştirak edib. Onlar Forum boyunca davam edən müxtəlif panel müzakirələrinə və ikitərəfli işgüzar görüşlərə qatılıblar.
Tədbir zamanı Azərbaycanda fəaliyyət göstərən 139 şirkəti və 24 Avropa ölkəsini əhatə edən məxfi sorğu vasitəsilə toplanılmış Azərbaycan biznes mühitinin müxtəlif qavrayışlarını özündə əks etdirən “Aİ- Azərbaycan üzrə Biznes Mühiti hesabatı” nın 6-cı illik buraxılışı təqdim olunub. Forum “Azərbaycanda Avropa İnvestorları üçün İmkanlar” və “Maliyyəyə çıxış və digər imkanlar” kimi iki fərqli panel müzakirəsini əhatə edib.
Ölkəmizdə hər il keçirilən və biznes mühiti üçün öncül bir tədbir olan Aİ-Azərbaycan Biznes Forumunun əsas məqsədi Aİ və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, Azərbaycanda biznes mühiti və investisiya imkanları haqqında məlumatlılığın gücləndirilməsi, dövlət – özəl sektor arasındakı dialoqun təşviqi ilə potensial biznes tərəfdaşlığı üçün birbaşa əlaqələrin qurulmasının asanlaşdırılması və bizneslər arasında şəbəkələşmənin artırılmasından ibarət olmuşdur.
Tədbir Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Səfir Peter Miçalkonun açılış nitqi ilə başlayıb.
“Aİ-Azərbaycan Biznes Forumu 2022 Avropa şirkətləri üçün Azərbaycanda biznes mühiti haqqında öyrənmək, hökumət rəsmilərindən ölkədə keçiriləcək islahatlar və investisiya imkanları haqqında məlumat almaq üçün yeni imkanlar açır. Forum bütün biznes nümayəndələrinin səsinin eşidildiyi və Aİ-Azərbaycan əməkdaşlığının, eləcə də güclü tərəfdaşlığın daha da inkişaf edə biləcəyi əlverişli biznes mühitinin təşviqinə xidmət edir. Mən Aİ şirkətlərini biznes qurmaq üçün gələcək perspektivlərin artmaqda olduğu Azərbaycana yeni baxışla baxmağa dəvət edirəm.
Bu gün təqdim olunan Aİ-Azərbaycan Biznes Mühiti Hesabatının 2021-ci il buraxılışı nəinki mövcud biznes mühitinin müstəqil qiymətləndirilməsini təmin edir, həm də əvvəlki illərlə müqayisədə perspektiv dəyişiklikləri görməyə də imkan verir. Biz qəti şəkildə inanırıq ki, Aİ-Azərbaycan Biznes Forumu iqtisadiyyatın şaxələndirilməsi məqsədini yerinə yetirməkdə Azərbaycana dəstəyini davam etdirəcək”, – deyə səfir Peter Mixalko öz açılış nitqində bildirib.
Daha sonra isə İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi hissənin əsas məruzəçi qismində çıxış edib.
Aİ-nin Azərbaycanın ən böyük investisiya tərəfdaşı olduğunu diqqətə çatdıran nazir indiyədək Avropa İttifaqı ölkələrindən Azərbaycan iqtisadiyyatına 20 milyard avrodan çox sərmayə yatırıldığını, Aİ-nin ölkəmizə Tvinninq və digər mexanizmlərlə dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib. Vurğulanıb ki, 6-cı nəşr “Aİ Biznes Mühiti Hesabatı 2021” də qarşılıqlı əməkdaşlığın genişlənməsinin, Azərbaycan-Aİ işgüzar əlaqələrinin inkişaf etdirilməsinə böyük marağın göstəricilərindəndir.
Tədbir zamanı Forumun komanda lideri Bogdana Efe ölkə iqtisadiyyatında dəyişiklik tendensiyalarını və fərqli perspektivləri ətraflı şəkildə özündə əks etdirməsi, həmçinin dövlət və özəl sektorun tərəfdaşlığına töhfə verməsi istiqamətində müstəqil bir qiymətləndirməni təmin edən “Aİ-Azərbaycan üzrə Biznes Mühiti hesabatı”nın 2021-ci il buraxılışının təqdimatı ilə çıxış etdi.
Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə ölkə rəhbəri Kamola Mahmudova, Avropa İnvestisiya Bankının Cənubi Qafqaz üzrə Regional direktoru Maciej Czura, Aİ-nin Beynəlxalq eksperti Marius Bordalba tədqiqata dair müzakirələrdə iştirak ediblər və hesabatın nəticələri ilə bağlı öz ekspert rəylərini bölüşüblər. “Aİ-Azərbaycan üzrə Biznes Mühiti hesabatı”nın 2021-ci il buraxılışına həsr olunmuş panel iclasın moderatorluğunu COWI Belçikanın Layihə meneceri Natalia Kardona edib.
Ötən ildən başlayaraq, Azərbaycandan kənarda (Avropada) fəaliyyət göstərən Avropa biznesinin də onlayn rejimə qoşulması və ölkədə biznes mühiti, investisiya imkanları və qarşıdan gələn islahatlar haqqında daha çox məlumat əldə etməsi faydalı bir ənənəyə çevrilir. Belə ki, Forum bu ənənəni nəzərə alaraq bu il tədbiri hibrid formatda keçirtdi və 200-dən çox yerli və xarici şirkət həmçinin onlayn şəkildə tədbirdə iştirak edə bildi.
Ən böyük ticarət tərəfdaşı və ən böyük ixrac istiqaməti mövqeyi ilə yanaşı, Aİ və onun üzv dövlətləri həm də Azərbaycan üçün ən böyük xarici investisiya mənbəyidir. Avropalı investorların fəaliyyəti pandemiyadan sonra Azərbaycanın iqtisadi və sosial dirçəlişi üçün daha bir mühüm amil olacaqdır.Aİ-Azərbaycan Biznes Forumu bu il “Azərbaycanda Avropa İnvestorları üçün imkanlar” və “Maliyyəyə çıxış və digər imkanlar” kimi iki fərqli panel müzakirəsini əhatə edib. Nazirliklərin, dövlət və beynəlxalq qurumların rəsmilərinin, həmçinin iqtisadiyyat sahələri üzrə ekspertlərin iştirakı ilə keçirilən müzakirələrin əsas mövzusunu müvafiq sektorlarda son iqtisadi inkişaf, biznes imkanları və mövcud olan çətinliklər təşkil edib.
Birinci panel iclasda İnvestBaku-nun idarəedici direktoru Cavid Mustafayev Aİ Netvorkinq Platformasının təqdimatını həyata keçirib. Daha sonra isə Azərbaycan Respublikası Energetika nazirinin müavini Elnur Soltanov, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov, İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifəsini icra edən Elşad Nuriyev və AZPROMO-nun icraçı direktoru vəzifəsini icra edən Yusif Abdullayevin iştirakı ilə “Azərbaycanda Avropalı İnvestorlar üçün İmkanlar” adlı panel iclası baş tutub. İclasın moderatorluğunu İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi edib.
Aİ-Azərbaycan Biznes Forumunun 2022-ci il buraxılışının ikinci panel sessiyası “Maliyyəyə çıxış və digər imkanlar” mövzusuna həsr olunub. Paneldə KOBİA-nın sədri Orxan Məmmədov, Avropa İnvestisiya Bankının (AİB) Cənubi Qafqaz üzrə Regional Nümayəndəliyinin rəhbəri Maciej Czura, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə ölkə rəhbəri Kamola Mahmudova, Sahibkarlığın İnkişafı Fondunun idarə heyətinin sədri Osman Xaliyev və Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Ülvi Mansurov əsas məruzəçi qismində çıxış ediblər. Müzakirəyə Azərbaycan-Fransa Ticarət Palatasının sədri Teybə Quliyeva moderatorluq edib. Forum ikitərəfli işgüzar görüşlər və netvorkinq kokteyli ilə davam edib.