Aİ-Azərbaycan Biznes Mühiti Hesabatı 2021

Aİ-Azərbaycan Biznes Mühiti Hesabatı 2021

Sharing is caring!

Aİ-Azərbaycan Biznes Mühiti Hesabatı Avropa İttifaqının (Aİ) maliyyələşdirilməsi ilə , COWI Belçika, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFchamber), İtaliya-Azərbaycan Ticarət Palatası (ITAZERCOM), İnvestBaku-nun birgə əməkdaşlığı və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin -AZPROMO-nun koordinasiyası ilə ərsəyə gəlmişdir. 2015-ci ildən etibarən bu müntəzəm araşdırma ölkədə Aİ bizneslərinin əsas problemlərini əks etdirir, iqtisadi islahatların gedişatını izləyir və yerli biznes mühitinin daha da yaxşılaşdırılması üçün prioritetləri müəyyənləşdirir.

Hesabatı yüklə
İllik hesabatın 6-cı nəşrində 2021-ci ildə iqtisadi və biznes mühitinin bərpası daha stabil və proqnozlaşdırıla bilən yola qayıtdığı vurğulanır ki, bu da şirkətlərə gələcəyə daha inamla və nikbinliklə baxmağa imkan verir. Rəqəmlər göstərir ki, Avropa şirkətlərinin 80%-i öz biznes əməliyyatları üçün yenidən Azərbaycanı seçməyə hazırdır, respondentlərin 53%-i isə burada gələcək genişlənmə planlarına malikdir. “Aİ Biznes Mühiti Hesabatı Azərbaycan 2021” özündə 20 Aİ üzv dövləti, 2 EFTA üzv ölkəsi, Böyük Britaniya və Azərbaycan daxil olmaqla ümumilikdə 24 ölkənin nümayəndələrinin fikirlərini əks etdirir.

Sorğuda iştirak edən şirkətlərin 90%-i KOB-lardır və müəssisələrin əksəriyyəti Azərbaycanda Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) (58%) və ya nümayəndəlik ofisləri (31%) və 5 ildən çoxdur ölkədə mövcud olan şirkətlər (77%) kimi fəaliyyət göstərirlər. Tədqiqat vurğulayıb ki, İKT və nəqliyyat, tikinti və mühəndislik sahəsində fəaliyyət göstərən bizneslər inkişaf edib və imkanlarının daha da genişləndirilməsi istiqamətində müsbət tendensiya nümayiş etdirməyə davam ediblər. Hökumətin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya qoyuluşu üçün elan etdiyi 1,3 milyard ABŞ dolları həcmində əhəmiyyətli büdcə ilə qarşıdan gələn dövlət layihələri tikinti və mühəndislik şirkətlərinin nikbinliyini artırıb ki, onlar da gələcək illər üçün müsbət proqnoz verir. Respondentlərin yarıdan çoxu (54%) bu regionlarda gələcək layihələrə maraq göstərdiyini bildirib, 14%-i isə artıq bu iqtisadi rayonlarda aktiv işə başlayıb. Respondentlər arasında maraq doğuran əsas sektorlar mülki tikinti, alternativ enerji və nəqliyyat infrastrukturu olub.

Avropa şirkətləri bu ilin fəaliyyətini effektiv hesab etdikləri ən təsirli islahatların top 5-liyinə ASAN-ı, Elektron Vergi platformasını, Elektron gömrük xidmətlərini, DOST mərkəzlərini və Kiçik və Orta Biznesin İnkişafı Agentliyini (KOBİA) daxil ediblər. Hesabatın nəticələrinə görə Azərbaycan qlobal strateji prioritetlər, o cümlədən dayanıqlı və yaşıl iqtisadiyyatın inkişafı istiqamətində fəaliyyətini davam etdirir. Aİ təşəbbüslərinin dəstəyi ilə ölkə bu sahədə siyasətini və hüquqi çərçivəsini gücləndirməkdə davam edir. Onu da qeyd etmək lazımdır ki, 2021-ci ildə ilk dəfə olaraq Aİ-nin Biznes Mühiti sorğusunda gender seqreqasiyasına və onların təşkilatlarında qadınların rollarına həsr olunmuş suallar da öz əksini tapıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.