Avropa İttifaqının Naxçıvana İşgüzar Səfəri başa çatdı!
Noyabrın 4-də Avropa İttifaqı nümayəndələrinin Naxçıvana işgüzar səfərinin ikinci günü Naxçıvan Dövlət Universitetindəki görüşlə başlayıb. Ali təhsil müəssisəsinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən görüşdə universitetin rektoru Elbrus İsayev qonaqları salamlayaraq, diplomatik nümayəndə heyətini Naxçıvan Dövlət Universitetində görməkdən məmnunluğunu ifadə edib. O vurğulayıb ki, bu gün buradakı diplomatik nümayəndəliklərin əksəriyyəti bir neçə dəfə Naxçıvan Dövlət Universitetində olub və tələbələrə mühazirələr oxuyublar. Elbrus İsayev ERASMUS layihəsi çərçivəsində ali təhsil müəssisəsinin Avropa İttifaqına üzv olan ölkələrin universitetləri ilə beynəlxalq əməkdaşlığından danışıb. Onun dediyinə əsasənbu layihə çərçivəsində Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti Avropa ölkələrində müxtəlif təlimlərdə iştirak edib, təcrübə qazanıblar.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Petr Mixalko hər kəsi salamlayaraq, Naxçıvan Dövlət Universitetində olmaqdan şad olduğunu bildirib. Diplomat Azərbaycan ilə Avropa İttifaqı arasında ticarət və mal dövriyyəsi ilə yanaşı, təhsil sahəsində də əldə olunan uğurlardan danışıb.
Səfər çərçivəsində qonaqlar Naxçıvanqala Tarix-Memarlıq Muzey Kompleksində “Ailə təsərrüfatı məhsulları” festivalına, “Xan Sarayı”, “Möminə Xatun türbəsi”, “Naxçıvan Açıq Səmavi Muzey Kompleksi” kimi abidələrə baxıblar.
Möminə xatun türbəsi ilə tanışlıq zamanı bildirilib ki, 1186-cı ildə inşa edilən türbə həm Azərbaycan milli memarlığının möhtəşəm nümunəsi, həm də Şərq memarlığının incilərindən biridir. 1998-ci ildən abidə YUNESKO-nun Təcili Qorunmağa Ehtiyacı Olan Maddi və Mədəni İrs siyahısına daxil edilmişdir.
“Duzdağ Fizioterapiya Mərkəzi”nə gələn qonaqlar buranın təbii imkanları və müalicəvi xüsusiyyətləri haqqında ətraflı məlumat almışlar.
Sonra nümayəndə heyəti Sədərək Gömrük Sərhəd Buraxılış Məntəqəsinə gələrək müasir kompleksin xidmətləri ilə tanış oldular.
Avropa İttifaqının Naxçıvana işgüzar səfəri qonaqların müsbət rəyləri ilə başa çatıb.