Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə biznes görüş həyata keçirib

24 yanvar 2020-ci il tarixində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası İqtisadi İslahatların Təhlili Mərkəzinin İcraçı Direktoru cənab Vüsal Qasımlının qonaq məruzəçi qismində iştirakı ilə “Azərbaycanda inklüziv və dayanıqlı iqtisadi artım üçün imkanların yaradılması” mövzusunda aylıq işgüzar görüş təşkil etdi.
Tədbir Palatanın İdarəedici direktoru xanım Zibər Hüseynovanın açılış nitqi ilə başlayıb. Ardınca, İdarə Heyətinin sədri xanım Teybə Quliyeva çıxış edərək qeyd edib ki, iqtisadi islahatların uğurlu həyata keçirilməsində özəl sektor nümayəndələrinin məlumatlandırılması vacibdir. Tədbirdə iştirak edən Fransanın Azərbaycandakı səfiri cənab Zakari Qros dövlət-özəl sektor əməkdaşlığının vacibliyini vurğulayıb və bu kimi tədbirləri əhəmiyyətli nümunə kimi qiymətləndirib.
Daha sonra cənab Vüsal Qasımlı Azərbaycanda inklüziv və dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün geniş iqtisadi islahatların həyata keçirildiyini diqqətə çatdırıb. O bildirib ki, dövlət və özəl sektorlar özəl investisiyaların artırılması, vergi və hüquqi idarəetmənin effektivliyini inkişaf etdirmək üçün birgə təşəbbüslə çıxış etməlidirlər. İcraçı direktor təqdimatda qeyd edib ki, biznes mühitinin yaxşılaşdırılması, institutsional təkmilləşmə, infrastrukturun yaxşılaşdırılması, özəl sərməyənin cəlbi, bazarlara çıxış və insan kapitalının inkişafı hökümətin əsas islahat gündəliyini təşkil edir. Əlverişli makroiqtisadi mühit və təşviq mexanizmləri, habelə gözləntilərin yaxşılaşması özəl sərmayənin təşviqini sürətləndirməyə hesablanıb. Bu baxımdan Azərbaycan Fransa kimi inkişaf etmiş iqtisadiyyata malik ölkə ilə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Azərbaycan Fransanın Cənubi Qafqaz regionu üzrə əsas ticarət tərəfdaşıdır. 2019-cu il Azərbaycandan ixracın 3%-i Fransaya həyata keçirilmişdir. Fransadan idxal olunmuş məhsullar isə ümumi idxalın 2.1%-ni təşkil edir. Cənab Qasımlı bildirib ki, Azərbaycandan Fransaya ixrac olunan əsas məhsul xam neftdən başqa fındıq, meyvə, tərəvəz, xurma, şərab və s. məhsulların ixracını genişləndirmək mümkündür.
İşgüzar görüş sual-cavab sessiyası ilə davam edib. Vüsal Qasımlı auditoriyadan gələn sualları cavablandırdı. Tədbir əyani tanışlıq sessiyası ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası 2016-cı ildən fəaliyyət göstərir və əsas məqsədi Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında qarşılıqlı iqtisadi və dostluq münasibətlərini inkişaf etdirməkdir. Palatanın missiyası üzvlərini unikal şəbəkələşmə imkanları ilə təmin etməkdir. Eyni zamanda, Palata məlumatlandırıcı və maarifləndirici rol oynamaqla, həm üzv şirkətlərə, həm də daha böyük biznes icmasına təsir edən aktual məsələləri hədəfləyərək hər ay rəsmi tədbirlər təşkil edir və üzv şirkətlərə Palatanın platforması vasitəsilə öz bizneslərini inkişaf etdirmək üçün yardım təklif edir. Hal-hazırda Palatanın 60-dan çox yerli, fransız və beynəlxalq üzv şirkəti var.