CCIAF Təhsil nazirinin iştirakı ilə üzv şirkətlər üçün görüş təşkil etdi
28 fevral 2020-ci il tarixdə CCIAF Azərbaycan Respublikasının Təhsil naziri cənab Ceyhun Bayramovun iştirakı ilə “Təhsil islahatları və onun özəl sektor üçün əhəmiyyəti” adlı görüş təşkil etdi. Tədbirdə səfirliklərin və dövlət qurumlarının təmsilçiləri, üzv şirkətlərin direktor və nümayəndələri iştirak etdilər.
Görüş CCIAF-in İdarəedici direktoru xanım Zibər Hüseynova və İdarə Heyətinin sədri xanım Teybə Quliyevanın açılış nitqi ilə başladı. Onlar qonaqları salamlayıb, nazirə dəvəti qəbul edib tədbirdə iştirak etdiyi üçün təşəkkür etdilər. Daha sonra cənab Fransanın Azərbaycandakı səfiri Zacharie Gross çıxış edərək Azərbaycanla Fransa arasında təhsil sahəsində ikitərəfli əməkdaşlığın vacibliyini vurğuladı və bu kimi tədbirlərin iki ölkə arasında təhsil, biznes, iqtisadiyyat sahəsində əlaqələrin genişləndirilməsi baxımından mühüm olduğunu qeyd etdi.
Ardınca, cənab Ceyhun Bayramov qonaqlara təhsil sahəsindəki son islahatlar, təhsil sahəsində beynəlxalq əlaqələrin güclənməsi, peşə təhsilinin inkişafına dair görülən tədbirlər və özəl sektor ilə təhsil institutları arasında əməkdaşlıq perspektivləri barədə məlumat verdi. O, uğurlu islahatların həyata keçirilməsi və əmək bazarının tələbatlarına uyğun kadr hazırlığı üçün biznes sahibləri ilə dövlət təhsil institutları arasında sıx əməkdaşlığın vacib olduğunu vurğuladı. Bu istiqamətdə CCIAF-in aktiv fəaliyyətini qeyd edərək Palata nümayəndələrinə öz təşəkkürünü bildirdi, eləcə də həmin fəaliyyətin nəticələrindən biri kimi Palatanın üzvü olan UFAZ-ın digər üzv şirkətlərlə imzaladığı anlaşma memorandumlarını təqdirəlayiq hesab etdiyini qeyd etdi.
Tədbirdə Palatanın üzvləri olan UFAZ-ın icraçı direktoru cənab Vazeh Əsgərov, ADA Universiteti Fondunun prezidenti cənab Natiq Hacıyev də çıxış etdilər. Onlar universitetlərin beynəlxalq əməkdaşlıqları, təhsil proqramları və gələcək fəaliyyət planları barədə iştirakçılara məlumat verdilər.
Görüş sual-cavab, ardınca netvorkinq sessiyası ilə davam etdi.