Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının Ümumi Yığıncağı baş tutdu
14 dekabr 2020-ci il tarixində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının Ümumi Yığıncağı həyata keçirildi. İclasda üzv şirkətlərin nümayəndələri iştirak etdilər.
İdarə Heyətinin sədri Teybə Quliyeva çıxış edərək Palatanın builki fəaliyyəti barədə qısa məlumat verdi. Ardınca Fransanın Azərbaycandakı səfirliyinin iqtisadiyyat müşaviri Louis Toulorge çıxış etdi. O, Fransa şirkətlərinin Azərbaycandakı fəaliyyətindən, iki ölkə arasında iqtisadi münasibətlərin inkişafından danışdı və Fransa hökumətinin ikitərəfli iqtisadi əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu bildirdi.
Palatanın İdarəedici direktoru Zibər Hüseynova Palatanın büdcə hesabatı, illik tədbirləri, İşçi Komitələrinin həyata keçirdiyi proqramlar, eləcə də Palata tərəfindən planlaşdırılan sosial layihə barədə üzvlərə detallı məlumat verdi.
Ümumi Yığıncaqda bir neçə məsələ müzakirə edildi. Pandemiya ilə əlaqədar olaraq Palatanın İdarə Heyətinin fəaliyyət müddətinin 6 ay uzadılması təklif edildi və üzv şirkətlər tərəfindən təklif qəbul edildi. Bundan əlavə, Palatanın illik hesabatı, daxili seçki qaydaları nümayəndələr tərəfindən təsdiqləndi.
Görüşdə iştirak edən üzv şirkətlər Palatanın fəaliyyəti, tədbir ərzində danışılan məsələlərlə bağlı fikirlərini bölüşdülər və yeni il üçün xoş diləklərini çatdırdılar.