“Biznes və mühəndislik sahələrində qadınların yolu” adlı panel müzakirəsi keçirilib
Martın 7-də, 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Fransanın Azərbaycandakı səfirliyi, Azərbaycan-Fransa Ticarət palatası, Azərbaycan-Fransız Universiteti və Fransız İnstitutunun tərəfdaşlığı ilə UFAZ-da “Biznes və mühəndislik sahələrində qadınların yolu” adlı panel müzakirəsi təşkil edilib.
Tədbirin açılışında Fransanın Azərbaycandakı səfiri Anne Boillon, Azərbaycan-Fransız Universitetinin direktoru Vazeh Əskərov və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Michalko qadınların Azərbaycanda və Fransada biznes və mühəndislik sahələrində karyera yolu barəsində çıxış edib.
Azərbaycan və Fransadan olan iki əsas spiker, “Gender Hub” təşkilatının həmtəsisçisi və icraçı direktoru, Fransa-Almaniya Gender Bərabərliyi Müsabiqəsi laureatı Məryəm Məcidova və Paris Ile-de-France Ticarət və Sənaye Palatasının beynəlxalq məsələlər üzrə sədr müavini və FCEM-in (Dünyada qadın biznes sahiblərini birləşdirən pioner assosiasiyası) sədri Marie-Christine Oghly ruhlandırıcı çıxışlar ediblər. Onlar elm, texnologiya və mühəndislik dünyasında gender bərabərliyi sahəsində müşahidə olunan irəliləyişləri xatırladıblar. Çıxışçılar ilkin mərhələdə kişilər arasında məlumatlılığın artırılmasının və qadın şəbəkələrinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Marie-Christine Oghly qeyd edib ki, “tək biz görünməzik, amma birlikdə yenilməzik”.
Üç tanınmış panel iştirakçısı, Dilarə Tomtiyeva (sahibkar, biokimya mühəndisliyi magistri), Sevinc Gülmalıyeva (Mega Sığorta, Baş Direktor) və Sonia Quliyeva (Azərkosmos, GIS təlimçisi) öz təcrübələrini iştirakçılarla bölüşüb və müxtəlif universitet tələbələri və məktəb şagirdlərindən, həmçinin fərqli sahələrdə çalışan qadınlardan ibarət auditoriya ilə fikir mübadiləsi aparıblar. Panelistlərin təcrübələri izləyicilərin çoxlu şərh və suallarına səbəb olub.
“Hər gün qadınlar günüdür” – Məryəm Məcidova