“Post-COVID-19: KOB-ların fəaliyyətinə dəstək” Kənd Təsərrüfatı Sessiyası baş tutub
1 iyul 2020-ci il tarixində CCIAF-in təşkilatçılığı və KOBİA-nın tərəfdaşlığı ilə həyata keçirilən “Post-COVID-19: KOB-ların fəaliyyətinə dəstək” onlayn konfransının Kənd Təsərrüfatı (KT) sessiyası baş tutub. Sessiyada Baker Tilly Azərbaycanın İdarəedici direktoru Ziya İbrahimov, həmin şirkətin Biznes Konsaltinq üzrə direktoru Niyazi Abbasov və Ekvita şirkətinin Layihələr üzrə meneceri Jalə Sərdarlı kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən KOB-ları bir neçə istiqamətdə məlumatlandırıb.
CCIAF-in İdarəedici direktoru Zibər Hüseynova qonaqları salamlayıb, spikerlərə təşəkkürünü bildirdi. Daha sonra Jalə Sərdarlı Azərbaycan Respublikasının Strateji Yol Xəritəsi və KT sektorunun əhəmiyyəti barədə məlumat verib. O, bu sektorun inkişafında dövlət dəstəyi ilə yanaşı, beynəlxalq təşkilatların və donor şirkətlərin dəstək proqramları barədə iştirakçıları məlumatlandırıb.
Niyazi Abbasov KT sektorunun pandemiyadan öncəki vəziyyəti və indiki vəziyyəti müqayisəli şəkildə təqdim edərək, bu sahədə həyata keçirilən islahatlar haqqında danışıb. O, bu sahədə fəaliyyət göstərən KOB-lar üçün subsidiya mexanizmləri və güzəştlər barədə məlumat verib.
Ziya İbrahimov KT sektorunda beynəlxalq təcrübədən faydalanmanın əhəmiyyətini qeyd edərək KT sahəsində əsas fəaliyyət göstəriciləri və KOB subyektlərinin töhvə verdiyi əsas istiqamətlər barədə məlumatı bölüşüb. O, əlavə olaraq, KT sektorunda rəqəmsal texnologiyalar və innovasiya haqqında da danışıb.
Sonda spikerlər iştirakçıları maraqlandıran sualları cavablandırıb.