CCIAF Vergi, Hüquq və Maliyyə Komitəsi vebinar keçirdi
28 yanvar 2021-ci il tarixində CCIAF Vergi, Hüquq və Maliyyə Komitəsi vebinar keçirdi. Vebinar bütün biznes nümayəndələri üçün açıq idi və görüşə 50-dən çox şirkət direktoru və nümayəndəsi qatıldı. Komitə sədri Arzu Hacıyeva, sədr müavinləri Şərəf Əsgərova, Nazim Hacıyev və qonaq məruzəçi, EY Azərbaycanda Vergi üzrə Menecer Leyla Salahova iştirakçılara icbari tibbi sığortanın tətbiqi, CbCR hazırlanması və təqdim edilməsi qaydaları və maliyyə sektoru ilə bağlı yeniliklər barədə məlumat verdilər.
Görüşü Şərəf Əsgərova açaraq icbari tibbi sığortanın (İTS) tətbiqi, ödəyicilərin əsas öhdəlikləri və İTS haqlarının hesablanması barədə danışdı. Bundan əlavə, İTS-in təşkili və bu sığorta çərçivəsində tibbi xidmətlərin göstərilməsi barədə qonaqlara məlumat verdi.
Arzu Hacıyeva icbari tibbi sığorta ödənişlərindən, vergi qaydalarından danışdı, eləcə də sığorta haqlarının ödənilməsi və hesabatların təqdim edilməsi ilə bağlı öhdəliklərə toxundu.
Leyla Salahova iştirakçılara müəssisələrin Transmilli şirkətlər qrupunun tərkib hissəsi olması barədə Bildirişin və Ölkələrarası Hesabatın (CbCR) hazırlanması və Azərbaycanda bu hesabatın təqdim olunmasına dair tələblər, Hesabatın hazırlanmasının praktiki aspektləri barədə məlumat verdi. İştirakçılara transfer qiymətlərinin (TQ) tətbiqində mövcud tendensiyalar və TQ audit qaydalarının əsas istiqamətləri haqqında da məlumat verildi.
Nazim Hacıyev maliyyə sektorundakı yeniliklər, müxbir bank hesablarındakı problemlər barədə məlumat paylaşdı, eyni zamanda banklar üçün dəstək tədbirlərindən də danışdı.
İnteraktiv vebinar sual-cavab sessiyası ilə başa çatdı.