Fransa səfiri cənab Zacharie Gross ilə virtual görüş
10 fevral 2021-ci il tarixində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Fransanın Azərbaycandakı səfiri Zacharie Gross və Palatanın İdarə Heyətinin üzvlərinin iştirakı ilə üzv şirkətlərin nümayəndələri üçün görüş təşkil etdi. Görüşdə Palatanın sədri Teybə Quliyeva və İdarə Heyəti üzvləri Yusif Abdullayev, Elşən Zeynalov çıxış ediblər.
Palatanın İdarəedici direktoru Zibər Hüseynova qonaqları salamladı və görüşün gündəliyi barədə iştirakçılara məlumat verdi.
Cənab səfir Zacharie Gross Azərbaycanla Fransa arasında ikitərəfli əlaqələrdan danışdı. O, iqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişafın vacibliyi məsələlərinə toxunaraq, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün aparılan islahatların uğurlu olduğunu və bunun Azərbaycan ilə Fransa arasında iqtisadi münasibətlərə müsbət təsir etdiyini vurğuladı. O qeyd edib ki, innovativ strategiyaların tətbiqi və dayanıqlı inkişafın əldə edilməsi məqsədilə Azərbaycan və Fransa sıx əməkdaşlıq edir.
Səfir Dağlıq Qarabağ müharibəsi barədə danışaraq 9 noyabr atəşkəs bəyanatının regionda sülh və təhlükəsizliyi təmin etmək baxımından mühüm əhəmiyyətə malik olduğunu, bunun iki ölkə arasında dialoqun qurulması, regionun gələcək inkişafı üçün vacibliyini qeyd edib. Fransanın Azərbaycan ilə əməkdaşlığını genişləndirməyə maraqlı olduğunu, eləcə də Fransa XİN-in ölkəyə səfər etməsi, ölkə rəhbərləri səviyyəsində görüşlərin keçirilməsinin iki ölkə arasında yüksək səviyyədə əməkdaşlığın davam etdiyinin göstəricisi olduğunu bildirdi.
Palatanın sədri Teybə Quliyeva Palatanın fəaliyyətindən, yerli, fransız və beynəlxalq şirkətlərlə sıx əməkdaşlığından və dövlət-özəl sektor əməkdaşlığının qurulması istiqamətində gördüyü işləri qeyd edib. O bildirib ki, Palata ümumilikdə Azərbaycan ilə Aİ ölkələri arasında iqtisadi əlaqələrin gücləndirilməsinə töhfə verməyə çalışır.
İdarə Heyətinin üzvü olan AZPROMO-nın rəhbəri Yusif Abdullayev iki ölkə arasında sıx əməkdaşlıqdan və biznes sahəsindəki əməkdaşlığın gücləndirilməsində Palatanın aktiv fəaliyyətindən danışıb. O 70-dən çox fransız şirkətinin sənaye, enerji və digər sahələrdə fəaliyyət göstərdiyini bildirdi. Yusif Abdullayev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” barədə danışdı və həmin prioritetlərin ikitərəfli əməkdaşlığın yeni istiqamətlərini müəyyən edəcəyini bildirdi.
Ardınca İH üzvü Elşən Zeynalov təmsil etdiyi Alstom şirkətinin ölkədə dəmir yollarının mobilizasiyası, işğaldan azad olunmuş ərazilərdə infrastrukturun qurulması, Azərbaycan ilə Ermənistan arasında dəmiryol korridorunun yaradılması layihələrində iştirak edəcəyini, bu layihələrin ölkə və region üçün əhəmiyyətli olduğunu və Alstomun bu layihələrdə yer aldığını bildirdi.
Görüşdə yeni üzv olmuş fransız şirkəti İDEMİA və yerli şirkət olan Meeting Point yerli şirkətlərinin nümayəndələri öz şirkətləri, fəaliyyət istiqamətləri barədə iştirakçılara məlumat verdi.
Sonda Zibər Hüseynova Palatanın növbəti tədbirlər planı, Komitələrin fəaliyyəti barədə üzv şirkətləri məlumatlandırdı və Palatanın yeni loqosunu iştirakçılara təqdim etdi. İştirakçılar onları maraqlandıran sualları ünvanladılar.