“Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası” ictimai birliyi (bundan sonra “Birlik” adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında daimi əsaslarla yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti bütün Azərbaycan Respublikasının ərazisini əhatə edir. 

Biz, Palata üzvləri, üzvlüyümüzün bir hissəsi olaraq aşağıda göstərilən dəyərlərə və prinsiplərə əməl etməyi öz üzərimizə
götürürük. 

Hüquqi öhdəlik
Azərbaycan Respublikasının qanunlarına və işgüzar əməliyyatların aparıldığı bütün digər ölkələrin qanunvericiliyinə uyğun, o cümlədən işçilərin əmək hüquqlarına riayət edərək fəaliyyət göstərməlidir. Üzvlər ünsiyyətdə olduğu hər bir şəxsin insan və sosial hüquqlarına hörmətlə yanaşmalı, vicdanla və bütün hallarda korrupsiya əməllərinə yol vermədən çalışmalıdır. Heç bir halda hər hansı bir qanunu pozmaqda bilərəkdən üçüncü tərəfə kömək etməməlidir.

Ədalətli rəqabət
Azad və ədalətli rəqabətin bazar iqtisadiyyatı üçün vacib olduğunu qəbul edərək, bütün biznes fəaliyyətlərində ədalətli və etik davranmalı, əqli mülkiyyət hüquqlarına və ticarət nişanlarına hörmətlə yanaşmalıdır.

Diskriminasiya
Hər bir üzvə hörmət və vicdanla yanaşmalı, digər üzvlər, işçilər və geniş ictimaiyyətlə münasibətdə hər hansı bir formada ayrı-seçkilik tətbiq etməkdən  çəkinməliyik. İşçilər üçün təcavüz, zorakılıq və ayrı-seçkiliyin digər formalarına yol vermədən, sağlam, təhlükəsiz, şəxsi hüquqlarından tam və düzgün istifadə edə biləcəkləri iş mühiti yaradılmalıdır.

Təhlükəsizlik və mühafizə
Qanunla müəyyən edilmiş qaydalara və ən yaxşı təcrübələrə əsaslanaraq hər bir işçinin təhlükəsizliyini təmin etməlidir.

Şəxsi məlumatların qorunması
Şəxsi məlumatların mühafizəsinə məsuliyyətlə yanaşmalı, həmin məlumatların qanuni iş məqsədləri üçün istifadəsi və məxfiliyin qorunması qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməlidir.

Ətraf mühit
Təbii ehtiyatlardan daha məsuliyyətli istifadə, təkrar emal, tullantıların azaldılması və digər ən yaxşı təcrübələrin tətbiqi vasitəsilə fəaliyyətinin ətraf mühitə
mənfi təsirini minimuma endirməyə çalışmalıdır.

Təmsilçilik
Palata adından, nüfuzundan və ya aktivlərindən siyasi və ya dini maraqların dəstəklənməsi üçün istifadə etmək yolverilməzdir. İdarə Heyəti, Ümumi Yığıncaq və ya Palatanın müvafiq səlahiyyətləri olan digər orqanları tərəfindən əvvəlcədən və aydın mandat verilmədən Palatanı təmsil etmək, adından danışmaq və müraciət etmək qadağandır.