AFchamber İnsan Resursları Komitəsinin Dövlət Məşğulluq Agentliyinin sədri ilə görüşü baş tutub

AFchamber İnsan Resursları Komitəsinin Dövlət Məşğulluq Agentliyinin sədri ilə görüşü baş tutub

Sharing is caring!

25 may 2021-ci il tarixində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (AFchamber) İnsan Resursları Komitəsi ilə Dövlət Məşğulluq Agentliyinin sədri cənab Mustafa Abbasbəylinin görüşü keçirilib. Görüşün məqsədi Agentlik tərəfindən yaradılan “Əmək münasibətləri və məşğulluq altsistemi”  – ƏMAS adlı yeni platforma və Agentliyin həyata keçirdiyi yeni layihələr haqqında biznes sektorunu məlumatlandırmaq idi. Görüşdə müxtəlif beynəlxalq və yerli şirkətlərin nümayəndələri iştirak edib.

Açılış nitqi ilə çıxış edən AFchamber-in İdarəedici Direktoru Zibər Hüseynova bütün sahələrdə tətbiq olunan yeniliklərin effektivliyinin artırılması üçün dövlət-özəl sektor tərəfdaşlığının dərinləşdirilməsinin əhəmiyyətli olduğunu qeyd edib. Palatanın bu dialoqun qurulmasında bir platforma kimi aktiv fəaliyyət göstərməyə davam etdiyini bildirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeliyindəki qurumlar ilə Palatanın əməkdaşlığı məsələsinə toxunan AFchamber-in İdarə Heyətinin sədri Teybə Quliyeva Nazirlik, özəl sektor və vətəndaşları bir sistemdə birləşdirəcək yeni platformanın- ƏMAS-ın bu əməkdaşlığı daha da gücləndirəcəyini vurğulayıb. AFchamber İR Komitəsinin sədri Samirə Nəcəfova Komitənin təşkil etdiyi layihələr və hazırda davam edən AFchamber HR Akademiyası barədə auditoriyanı məlumatlandırıb.

Tədbirdə qonaq-məruzəçi qismində iştirak edən Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli əmək münasibətlərinin daha yaxşı tənzimlənməsi üçün biznes sektoru ilə dialoqun vacibliyini vurğulayaraq bu kimi görüşlərin Agentliyin islahatlar paketinin tərkib hissəsi olduğunu bildirib. Mustafa Abbasbəyli çıxışında Agentliyin son 3 ildəki fəaliyyəti, ümumi strateji məqsədləri barədə məlumat verib. O, rəqəmsallaşmanın islahatların əsas istiqamətlərindən biri olduğunu bildirib və “rəqəmsal məşğulluq” şüarı altında həyata keçiriləcək layihələr haqqında danışıb. Agentliyin ən vacib islahatlarından biri olan ƏMAS haqqında çıxış edən cənab Sədr bu sistemlə məşğulluq siyasətinin bir sistem üzərindən aparılmasının hədəfləndiyini bildirib. Yeni platforma ilə əmək münasibətlərinin tənzimlənməsinə dair kağız üzərində həyata keçirilən bütün prosedurların ləğv olunacağını qeyd edib. O, ümumilikdə, rəqəmsallaşma istiqamətində həyata keçirilən layihələr ilə əmək şəraitinin köklü şəkildə dəyişəcəyini vurğulayıb.

Görüş biznes sektor təmsilçiləri tərəfindən ünvanlanan sualların cavablandırılması ilə davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.