AFchamber “Qarabağın bərpa, yenidənqurma və inkişafı” sərgisində iştirak edib

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Alstom Transport və Suez şirkətləri ilə birgə 20-22 oktyabr tarixlərində keçirilən 1-ci Azərbaycan “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” (Rebuild Karabakh 2021) sərgisində təqdimat stendi ilə təmsil olunub.Sərginin əsas məqsədi müxtəlif ölkələrdən olan şirkətlərin Qarabağ bölgəsinin sürətli bərpasına töhfə verə biləcək unikal təcrübə, innovativ həll variantları və investisiya təkliflərini bir platformada nümayiş etdirmək idi. Sərgidə müxtəlif ölkələrin şirkətləri, dövlət qurumları iştirak edib.
Alstom Transport və Suez şirkətləri Qarabağın yenidənqurmasına töhfə verə biləcək şirkət layihələri barədə təqdimat keçirib.
Qeyd edək ki, 2008-ci ildən Azərbaycanda fəaliyyət göstərən Alstom Transport şirkəti tamamilə nəqliyyat sahəsinə yönələrək mobilizasiyada Qafqaz regionunun güclü tərəfdaşına çevrilib.
17 ildir ki, Azərbaycanda fəaliyyət göstərən «SUEZ» şirkəti isə su-kanalizasiya və tullantıların idarə olunması istiqamətlərində ağıllı və ekoloji cəhətdən səmərəli həllər tətbiq edərək ölkə iqtisadiyyatının və ətraf mühitin inkişafına töhfə verir.
3 gün davam edən sərgini müxtəlif dövlət qurumlarının və özəl şirkətlərin nümayəndələri ziyarət edib. Dövlət və özəl sektor arasında ünsiyyət platforması kimi fəaliyyət göstərən sərgi Qarabağın inkişafına dair iki sektor arasında dialoqun qurulmasına töhfə verib.