CCIAF aylıq işgüzar görüşü: Biznes üçün professional təhsil və peşə təhsili

CCIAF aylıq işgüzar görüşü: Biznes üçün professional təhsil və peşə təhsili

Sharing is caring!

14 iyun 2019-cu il tarixində CCIAF JW Marriott Abşeron oteldə qonaq məruzəçi və üzv şirkətlərin nümayəndələrinin iştirakı ilə aylıq işgüzar görüşü keçirilmişdir. Tədbirdə işçilərin peşəkarlıq səviyyəsi, bilik və bacarıqlarının artırılmasında peşə və təlim mərkəzlərinin əhəmiyyəti, bununla bağlı həyata keçirilən tədbirlər müzakirə edilmişdir. Fəxri qonaqlar – Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru  cənab Rəşad Xanlarov; Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru cənab Pərviz Yusifov Professional Təhsil və Peşə Təhsili sisteminin yeni istiqamətləri, qarşıya çıxan çətinliklər, həll yolları barədə məlumat verdi. Bundan əlavə, xüsusi məruzəçilər – ADA Universitetinin İxtisasartırma proqramı üzrə prorektor müavini xanım Aygün Hacıyeva; UFAZ baş katibi xanım Şarlott Payen; Universitetlərə Hazırlıq Mərkəzinin həmsədri xanım Reyhan Hüseynova tələbləri dəyişən əmək bazarı üçün professional işçilərin hazırlanması məqsədilə bir sıra sahələrdə tətbiq olunan müvafiq tədbirlər və layihələr barədə məlumatlar verdilər.

Tədbir cənab Pərviz Yusifovun çıxışı ilə başladı. O, Azərbaycan peşə təhsili sistemi, bu sahənin inkişafı üçün Agentliyin gördüyü işlər haqqında, eyni zamanda sistemin inkişafı üçün hazırlanan strateji yol xəritəsi, müasir peşə təhsili mərkəzləri və 10 pilot müəssisə haqqında danışdı. Cənab Yusifov inkişaf üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğuladı, birgə proqramlar, eləcə də bu istiqamətdə görüləcək işlər, gələcək perspektivlər barədə qonaqlara məlumat verdi.

Görüş qonaq-məruzəçi Rəşad Xanlarovun çıxışı ilə davam etdi. O, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin fəaliyyəti barədə qonaqlara məlumat verdi; Mərkəzin məqsədinin Azərbaycana yüksək səviyyədə tədrisi olan peşə təhsilini gətirmək, eləcə də Azərbaycanın istedadlı insanlarını qlobal sənaye ehtiyaclarına cavab verən ixtisaslı kadr kimi yetişdirmək olduğunu vurğuladı. Bundan əlavə, iştirakçılara təklif olunan ixtisaslaşma sahələri, həmin sahələrə uyğun təhsil modeli və hazırlanan dərsliklər, tədris proqramlarının təkmilləşdirilməsinə, layihəyə əsaslanan öyrənmə mühitinin formalaşdırılmasına dair Mərkəzin apardığı tədqiqatlar barədə məlumat verildi.

Daha sonra xanım Aygün Hacıyeva ADA Universitetinin İxtisasartırma proqramı, onun üstünlükləri və Adaptiv Strateji İxtisasartıma Proqramı (ASEP) adlı yeni birgə proqram haqqında məlumat verdi. Bundan sonra, xanım Charlotte Payen UFAZ-da təhsil həyatı və universitetin yüksək ixtisaslı işçi qüvvəsinin hazırlanmasında rolundan danışdı. Çıxışın ardınca xanım Reyhan Hüseynova qonaqları Universitetlərə Hazırlıq Mərkəzi, layihə və proqramlar, yaradılan mərkəzlər barədə məlumatlandırdı, əlavə olaraq tələbələrin peşə proqramları üçün hazırlanması və müəyyən xarici universitetlərə ​​qəbul olmasında  Mərkəzin əhəmiyyətini vurğuladı.

Çıxışlardan sonra hər bir qonaq-məruzəçi auditoriyadan gələn sualları cavabladı. Tədbirin sonunda əyani tanışlıq üçün ayrılan vaxtda Palata üzvləri və qonaqlar birgə layihələr, qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi apardı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.