CCIAF-in “Turizm imkanlarının kəşf edilməsi”nə həsr edilmiş aylıq işgüzar görüşü keçirildi
29 may 2019-cu il tarixində CCIAF Pullman Hoteldə “Turizm imkanlarının kəşf edilməsi” adlı aylıq işgüzar görüşünü təşkil etmişdir. Tədbirdə 2 xüsusi məruzəçi – Azərbaycan Turizm İdarəsinin icraçı direktoru cənab Florian Sengstşmid, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin üzvü cənab Cavid Kazımov çıxış etdilər. Tədbirdə həmçinin “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Əsgər Ələkbərov, fəxri qonaqlar və üzv şirkətlərin nümayəndələri iştirak etdilər.
Görüş Palatanın İdarəedici direktoru Nərminə Səfərovanın açılış nitqi ilə başladı. Daha sonra cənab Sengstşmid qonaqları Azərbaycan Turizm İdarəsinin fəaliyyəti, Azərbaycan turizm strategiyasının konsepsiyası, ölkə turizminin inkişafına dair planlar barədə məlumatlandırdı. O, beynəlxalq əməkdaşlığın vacibliyini vurğuladı və yeni tərəfdaşlarla əlaqələr yaratmaq üçün gördükləri işlər barədə danışdı.
Cənab Kazımov isə qonaqlara “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi, eləcə də Azərbaycanın mədəni və tarixi irsi barədə məlumat verdi. O Turizm İnformasiya Mərkəzi, Muzey Mərkəzi, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi və bu mərkəzlərin fəaliyyəti haqqında danışdı, eyni zamanda muzey kartları, mobil tətbiq, Bakı xanının evinin bərpası, axtarış turu və s. kimi yeni layihələr ilə bağlı qonaqları məlumatlandırdı.
Hər bir məruzəçi auditoriyanın suallarını cavablandıraraq çıxışlarını yekunlaşdırdı. Tədbir iştirakçıların əyani tanışlığı üçün təşkil olunan sessiya ilə başa çatdı.