“Post-COVID-19: KOB-ların fəaliyyətinə dəstək” onlayn konfransının Qadın Sahibkarlığı sessiyası baş tutub
2 iyul 2020-ci il tarixində CCIAF-in təşkilatçılığı və KOBİA-nın tərəfdaşlığı ilə həyata keçirilən “Post-COVID-19: KOB-ların fəaliyyətinə dəstək” onlayn konfransının Qadın Sahibkarlığı sessiyası baş tutub. Sessiyada EY Azərbaycanın Konsaltinq Xidmətləri üzrə Meneceri Anar Laçınov, Moonwake Investment şirkətinin Maliyyə üzrə direktoru Nazlı Məmmədova və CCIAF-in Qadın Professionallar Komitəsinin sədri Sona Abbasova və sədr müavini Nərgiz Vəzirova iştirak ediblər.
Seminarda ilk çıxış edən Anar Laçınov KOB-lar üçün pandemiyanın gətirdiyi dəyişikliklər, həmin dəyişikliklərin xüsusiyyətləri və onlara uyğunlaşmaq üçün lazımı tədbirlər barədə məlumat verib. O, EY Azərbaycanın KOB-lar üçün layihələrindən, beynəlxalq əməkdaşlıq çərçivəsində yaradılan proqramlardan danışıb və iştirakçılara həmin proqramlara necə qoşulmaq lazım olduğunu izah edib.
Ardınca çıxış edən Nazlı Məmmədova öz təcrübəsinə əsaslanaraq mövcud vəziyyətlə əlaqədar biznesin üzləşdiyi çətinliklərdən, həmin çətinlikləri aradan qaldırmaq üçün görülən tədbirlərdən danışıb. O, hesabatlılıq, mühasibatlıq proqramları və ERP barədə iştirakçılara detallı məlumat verib.
Sona Abbasovanın moderatorluğu ilə baş tutan sual-cavab sessiyasında spikerlər iştirakçıları maraqlandıran sualları cavablandırıb.