AFchamber “İş yerlərində Gender Müxtəlifliyi” layihəsinin təqdimatına dair görüş keçirdi
5 mart 2021-ci il tarixində Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının (AFchamber) Qadın Professionallar Komitəsi “İş yerlərində Gender Müxtəlifliyi” layihəsinin təqdimatına dair görüş keçirdi. Görüşdə Fransanın Azərbaycandakı səfiri Zacharie Gross və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elgün Səfərov fəxri qonaq qismində iştirak etdilər. Layihə çərçivəsində “Total” şirkətinin Azərbaycan üzrə İcraçı Direktoru Regis Agut, “PwC Azərbaycan” şirkətinin Ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev, “Ekvita” şirkətinin direktoru İlqar Mehti və “Mega Sığorta” ASC-nin direktoru Sevinc Gülmaliyeva ilə Anlaşma Memorandumu imzalandı.
Görüş AFchamber-in İdarəedici Direktoru Zibər Hüseynovanın açılış nitqi ilə başladı. O, qonaqları salamlayaraq, bu layihəyə verdiyi töhfələrə görə partnyor üzv şirkətlərə – Total, PwC Azərbayan, Schlumberger, Ekvita, “Mega Sığorta” ASC-yə təşəkkürünü bildirdi.
Görüşdə iştirak edən cənab səfir Zacharie Gross gender məsələləri ilə bağlı nənfi məqamları, çətinlikləri qeyd edərək Fransa hökumətinin bu istiqamətdə bir sıra işlər gördüyünü, gender bərabərliyi məsələsinin ölkə üçün prioritet olduğunu qeyd etdi. Gender müxtəlifliyinin bütün sahələrdə təminatı üçün dünya ölkələrinin birgə fəaliyyət göstərməsinin vacibliyini vurğuladı. Azərbaycan-Fransa Ticarət Palatasının bu təşəbbüsünü yüksək qiymətləndirdiyini və vaxtında təqdim edilmiş mühüm layihə olduğunu bildirdi.
Qadın Professionallar Komitəsinin sədri Sona Abbasova və sədr müavini Nərgiz Vəzirova “İş yerlərində gender müxtəlifliyi” layihəsi barədə məlumat verdi. Təqdimatda qeyd olunduğu kimi, “İş yerlərində gender müxtəlifliyi” layihəsi şirkətlərə rəhbər vəzifələrdə qadınların iştirak nisbətini artırmaq, sahibkarları biznesdə gender müxtəlifliyinin təmin edilməsini strateji prioritet olaraq müəyyənləşdirməyə təşviq etmək və şirkətlərdə bu yöndə transformasiyanın tətbiqi üçün kömək etmək məqsədi daşıyır.
Hazırda müasir idarəetmə standartlarının tələblərinə uyğunlaşmaq məqsədilə gender bərabərliyinin təmin edilməsi, inkluziv cəmiyyətin qurulması bütün dünya ölkələri üçün proritet məsələyə çevrilmişdir. Bu baxımdan son illərdə Azərbaycanda da gender müxtəlifliyi, qadınların qərar qəbul etmə prosesində, yüksək idarəçilikdə təmsil olunmalarına dair bir sıra tədbirlər keçirilir, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılması “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində də yer alır.
Yuxarıda qeyd olunan istiqamətlər üzrə sürətli inkişafa nail olmaq üçün bir sıra tədbirlərin həyata keçirildiyi dövrdə “İş yerlərində gender müxtəlifliyi” layihəsinin başlanılmasını əhəmiyyətli hesab edirik. Bu layihə vasitəsilə beynəlxalq və yerli şirkətlər birgə işləyərək, təcrübələri bölüşərək inkluziv, gender bərabərliyinə əsaslanan biznes mühitinin yaradılmasına töhfə verəcək.
Görüşdə iştirak edən “Total” şirkətinin Azərbaycan üzrə İcraçı Direktoru Regis Agut bu layihədə ən yaxşı beynəlxalq təcrübəni bölüşən şirkət təmsilçisi olaraq iştirak etməsindən böyük məmnunluq duyduğunu qeyd etdi. Əlavə olaraq, bu gün Total Azərbaycanın gender bərabərliyinin təmin edilməsinə dair yerli proqrama başladığını bildirdi.
“Ekvita” şirkətinin direktoru İlqar Mehti gender bərabərliyi mövzusunda bir sıra layihələr, strategiyalar hazırlansa da, həmin sənədlərin tətbiqində hələ də müəyyən boşluqlar olduğunu və artıq bu istiqamətdə işlər görməyin vacibliyini vurğuladı.
“Mega Sığorta” ASC-nin direktoru Sevinc Gülmaliyeva öz şəxsi təcrübəsinə və qarşılaşdığı çətinliklərə istinad edərək, bu tipli layihələrin qadınların qərar qəbul etmə prosesində iştirakının artırılması üçün vacib olduğunu bildirdi.
Görüş ikitərəfli Anlaşma Memorandumların imzalanması ilə yekunlaşdı.